Azərbaycanda ali təhsil müəssisəsinə və ixtisaslara qəbul zamanı qərar verməyə yalnız abituriyentin şəxsi arzuları deyil, ailə və yaxın çevrənin təsiri də ciddi şəkildə təsir edir. Nəticədə bəzi gənclər topladıqları bala uyğun gəlməyən, lakin yaxınlıq və ya ali məktəbin nüfuzuna görə seçilən ixtisaslara yönəlirlər.

Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, valideynlərin, qohumların və yaxın çevrənin tövsiyə və təzyiqləri abituriyentlərin seçimində mühüm rol oynayır. Onun sözlərinə görə, arzulanan ixtisasa qəbul olmaq üçün kifayət qədər bal toplamayan gənclər daha çox universitetin yerləşdiyi əraziyə və ya ali məktəbin ad-sanına üstünlük verirlər.

Ekspert əlavə edib ki, belə hallar abituriyentin təhsilə olan motivasiyasını zəiflədə və təhsil prosesindən yayınma ilə nəticələnə bilər. "Bəzən abituriyent görür ki, buraxılış və blok imtahanlarında topladığı bal ona arzuladığı ixtisasa qəbul olmağa imkan vermir. Bu zaman universiteti özünə yaxın ərazidən seçməyə çalışır və yaxud yaşı, nüfuzu ilə seçilən ali məktəbə müraciət edir. Artıq onun üçün hansı ixtisası seçməsi o qədər də əhəmiyyət daşımır. Belə halda təhsil almağa həvəs və motivasiya da azalır", — deyə M.Məmmədli vurğulayıb.

Eyni zamanda ekspert qeyd edib ki, məqsədinə çatmaq üçün bir neçə il ardıcıl imtahan verən abituriyentlər də var. M.Məmmədli misal gətirib ki, təcrübədə abituriyent 15 ixtisas seçimindən yalnız birini — arzuladığı ixtisası seçmişdir və hətta 600-dən çox bal toplamasına baxmayaraq ali məktəbə qəbul ola bilməyənlər də rast gəlinir. Bu isə məqsədin konkret qoyulduğunu göstərir.

Məmmədli ixtisas seçimi ilə bağlı uyğunsuzluqların əmək bazarına da mənfi təsir etdiyini bildirib. O, nümunə qeyd edib ki, həkim olmaq istəyən şəxs müəllim, hüquqşünas olmaq arzusunda olan gənc tarixçi və ya Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yönələ, tərcüməçi olmaq istəyən isə ingilis dili müəllimi kimi təhsil ala bilər.

Ekspertin fikrincə, bu problemlərdən çıxış yolu ali məktəblərə qəbul qaydalarında dəyişikliklər və islahatlardır. O həmçinin bildirib ki, ötən il təxminən 13 min tələbənin ali təhsil müəssisələrində təhsilini yarımçıq qoyması diqqət çəkir, lakin bu rəqəmin bütün hallarda ixtisas uyğunsuzluğu ilə izah edilə bilməyəcəyini, maddi çətinliklərin də rol oynaya biləcəyini əlavə edib.

M.Məmmədli vurğulayıb ki, valideyn təşəbbüsü ilə ixtisas seçilməsi və ya universitetin yalnız yerləşdiyi əraziyə görə seçim edilməsi kimi hallar davam edərsə, illər ötdükcə problemin daha ciddi nəticələri görünə bilər və buna görə qəbul formatının dəyişdirilməsi vacibdir.