“Bu gün ölkədə heç kim “kupça”ya tüpürmür”

Yaxud hüquqi özbaşınalıq

Bir müddət əvvəl Bakı şəhər sakini Abbas İzzət oğlu Yunusovun qafqaznews.az saytına müraciəti daxil olmuşdu.

O, öz müraciətində yazırdı: “Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11H №-li evin, 10-cu mənzili mənim xüsusi mülkiyətimdir.

Sübut kimi AR ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX №1035263 çıxarışını sizə təqdim edirəm.

Ancaq bir müddət əvvəl Məmmədov Hikmət adlı şəxs müvəqqəti yaşamaq üçün mənzilimin açarını məndən almışdı. Lakin, bu günlərdə qonşulardan öyrəndim ki, mənim mənzilimdə başqa şübhəli şəxslər yaşayır. Mən gedib gördüm ki, mənim məzilimdə 2 nəfər “indus” milliyyətindən olan şəxs yaşayır. Onlara izah etdim ki, mənzil mənə məxsusdur və təcili mənzildən çixmalarını tələb etdim.

Onlar isə mənə bildirdilər ki, mənzilin açarını onlara Məmmədov Hikmət vermişdir, pasport, miqrasiya xidmətində qeydiyyatdan keçmədən burada yaşayırlar. Mən Məmmədov Hikmətə müraciət etsəm də o, əhəmiyyət vermədən “nə bilirsən elə…mənim arxamda səhiyyə nazirinin birinci müavini dostum Elsevər Ağayev dayanır…mən qanunları saymıram…mənim üçün qanun Elsevər Ağayevdir ” deyərək, məni qonşuların yaninda Elsevər Ağayevlə hədələdi.

Problemlə əlaqədar mən Xətai RPİ-nin 37-ci PB-nə 18 dəfə müraciət etsəm də məhəl qoymadılar. Daha sonra, mən “Google axtarış” sistemində Elsevər Ağayev və Məmmədov Hikmət barədə maraqlananda gördüm ki, onların birgə “işbirliyi”nin nəticəsində başqaları da ziyan çəkmişlər.

Daha sonra “365info.az” saytında oxudum ki, Hikmət Məmmədov səhiyyə nazirinin 1-ci müavini Elsevər Ağayevin kommersiya şərikidir və onun vasitəsi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Səhiyyə Nazirliyinin balansında olan qarajları qanunsuz olaraq ələ keçirib”.

Biz Abbas Yunusovun dediklərinin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını aydınlaşdırmaq qərarına gəldik. Həqiqətən də 29 avqust 2016-cı ildə 365info.az saytında “Səhiyyə Nazirliyinin qarajını özəlləşdirən Hikmət Məmmədov kimdir?” başlıqlı məqalədə qeyd olunur ki, Hikmət Məmmədov nazir müavini Elsevər Ağayevin vasitəsilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ,Bəşir Bünyadov küçəsi 8 ünvanında yerləşən 2 hektar ərazini özəlləşdirib. Həmin ərazi özəlləşmədən əvvəl Səhiyyə Nazirliyinin avtomobil qarajı olub. Məqalədə o da qeyd olunur ki, Hikmət Məmmədov Elsevər Ağayevin pullarını iş adamlarına sələmə-faizə verir. 365info.az saytındakı digər məlumata görə, Hikmət Məmmədovun oğlu Zaur Məmmədov Elsevər Ağayevin yanında, nazirlikdə çalışır. LEGİON olaraq Hikmət Məmmədovun fikirlərini öyrənmək qərarına gəldik.

Hikmət Məmmədov LEGİON-a bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11H №-li evin 10-cu mənzili onun xüsusi mülkiyyətidir: “ Mən həmin evi öz pulumla almışam. Deməli hindistanlılar mənim evimdə yaşayırlar”. Müxbirimizin “Siz evi Abbas Yunusovdan almısınız?” sualına Məmmədov belə cavab verdi: “ Yox. Mən Abbas Yunusovla tanış deyiləm. Mən evi başqa adamdan alımışam”.

Müxbirimizin “Sizin mülkiyyət hüququnuzu təsdiq edən sənəd varmı?” sualına Hikmət Məmmədovun cavabı belə oldu: “ Əgər mən bu evi kirayə vermişəmsə, deməli mənim əlimdə mülkiyyət hüququnu təsdiq edən sənəd var. Artıq bu evə həbs qoyulub. Aydınlaşdırmaq lazımdır ki, bu alqı-satqı necə həyata keçirilib. Bu ev 2015-ci ildən mənim mülkiyyətimdədir”.

Müxbirimizin “ Mən belə başa düşdüm ki, hansısa dələduz sizin evinizi satıb. Bəs,dələduz həbs olunubmu?” sualına Məmmədovun cavabı belə oldu: “ Qoy Abbas Yunusov məhkəməyə müraciət etsin. İnventarlaşma bürosundakı sənədlər aydınlaşdırılsın, qoy hakim alqı-satqının hansı yolla baş verdiyini aydınlaşdırsın. Mən Dövlətəmlak komitəsində bu evə həbs qoydurmuşam. Bu məsələ ilə bağlı artıq məhkəmə məşğul olur. 24 mayda məhkəmə iclası olacaq”.

Müxbirimizin “ Axı, mən Abbas Yunusovun adına mülkiyyət vəsiqəsi görmüşəm” fikrinə Hikmət Məmmədovun təhdidedici münasibəti belə oldu: “ Bu gün bir mənzilə bir neçə mülkiyyət şəhadətnaməsi verirlər. Bu gün bu evdə mən yaşayıramsa, deməli heç kim bu evə burnunu soxa bilməz. Bəs siz nə üçün narahat olursunuz..? Qoy Abbas Yunusov məhkəməyə müraciət etsin, biz bir yerdə günahkarı tapaq. Mən 2015-ci ilin may ayından bu evdə yaşayıram. Bura mənim xüsusi mülkiyyətimdir, mənim evimə uzanan əli məhv edərəm”.

Müxbirimiz “Axı, Abbas Yunusovun həmin evə mülkiyyət sənədi var” fikrinə cavab olaraq Hikmət Məmmədov bildirib ki, bu ərazidə ancaq dələduzların əmlak sənədi var: “ Əgər onun mülkiyyət sənədi varsa, deməli o sənədi dələduzluqla əldə edib. Bu gün ölkədə heç kim mülkiyyət şəhadətnaməsinə tüpürmür. Əgər o, sənədi qanuni yolla əldə etsəydi, evdə mən yox, o yaşayardı. Sizdə sənədlə bağlı anlayış yoxdur. Xahiş edirəm bir də mənə zəng etməyin. Nərimanov rayon məhkəməsinə zəng edin, ya da mülkiyyət sənədi verilən yerə”.

Biz Hikmət Məmmədovdan 365 info.az saytında dərc olunan məqaləyə də münasibət bildirməsini xahiş etdik. O, cavab verdi ki, tüpürüm o məqaləyə… Bizim “Oğlunuz Səhiyyə Nazirliyində işləyirmi?” sualımıza Hikmət Məmmədov “Siz kimsiniz? Siz müstəntiqsiniz? Ölkədə jurnalistlər reketlik edir, yəqin sən də reketsən” deyərək dəstəyi asdı.

Sənan Məmmədli

LEGİON

Vətəndaş evində qanunsuz məskunlaşan şübhəli əcnəbi şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR