Araz Məmmədov və Rüfət Əhmədzadə Bakı Apellyasiya Məhkəməsinə etiraz ərizəsiylə müraciət etdilər – MƏTN

İlqar Abbasov: “Ümid edirik ki, hakim Fuad Talışinski ədalətli qərar verəcək və “İlin Dörd Fəsli” MMC-nin apellyasiya şikayətini rədd edəcək”

Fevralın 2-də LEGİON-da ““İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi məhkəmədə mötəbər şəxsin adından istifadə edir?” başlıqlı yazı dərc olunmuşdu. Sözügedən yazıda bildirilirdi: “2016-cı il noyabrın 8-də Nərimanov Rayon Məhkəməsinin hakimi Fuad Abdıyev “İlin Dörd Fəsli” MMC-nin jurnalist Rüfət Əhmədzadəyə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı 243 min manatlıq iddiasını rədd etmişdi.

“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlı jurnalistin qərəzsiz, obyektiv və sırf “Yeni Bakı” sakinlərinin müraciəti əsasında apardığı araşdırmalara qarşı tutarlı bir arqument tapmadığında, son çarəni söyüş dolu təhdidlərdə görmüşdü. Bu məsələ ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tədbirlər də görülüb. Ola bilsin ki, bu məğlubiyyəti həzm etməyən Mehman Muradlı “İlin Dörd Fəsli” rəhbərliyində Legion.az saytı haqqında yanlış təsəvvür yaradaraq MMC adından yanvarın 13-də Bakı Apellyasiya Məhkəməsinə müraciət edib, Nərimanov RM-in qətnaməsinin ləğv olunması, “faktları təhrif edən”, “şirkətin işgüzar nüfuzuna xələl gətirən” müəllifin cəzalandırılması üçün iddia qaldırıb. Və, məhkəmədə istədiyinə nail olmayan və təhdidləri qarşısında jurnalist Rüfət Əhmədzadənin sınmadığını görən Mehman Muradlı daha “orijinal” vasitəyə əl atıb.

Əldə etdiyimiz məlumata görə, M.Muradlı cəmiyyətin müxtəlif təbəqələri tərəfindən hörmətlə qarşılanan mötəbər şəxsin adından istifadə edərək, Bakı Apellyasiya Məhkəməsinə təzyiq göstərməyə çalışır. Amma inanırıq ki, “İlin Dörd Fəsli” MMC-nin rəhbəri Elnur Hüseynov da konfliktin dərinləşməsinə razı olmaz.

Sual yaranır: Mehman Muradlı Rüfət Əhmədzadədən qisas almaq üçün məhkəmədə həmin mötəbər şəxsin adından hansı səviyyədə istifadə etməyi düşünür?” (legion.az).

Qeyd edək ki, fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə, “İlin Dörd Fəsli” MMC-nin apellyasiya şikayətinə baxılacaq. Məsələ ilə bağlı, Qafqaznews.az-a danışan hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov bildirib ki, sözügedən məhkəmə prosesində “Legion İnformasiya Agentliyi” MMC və Rüfət Əhmədzadənin hüquqlarını o müdafiə edəcək.

“Biz 8 noyabr 2016-cı il tarixli məhkəmə qətnaməsini, iş materiallarını və “İlin Dörd Fəsli” MMC nümayəndəsinin apellyasiya şikayətini təhlil etdik. Qərara gəldik ki, Nərimanov RM-in qətnaməsinin qüvvədə saxlanılması və qarşı tərəfin şikayətinin rədd olunması üçün, Bakı Apellyasiya Məhkəməsinə etiraz ərizəsi ilə müraciət edək. Həmçinin, jurnalist araşdırması zamanı istifadə olunan foto və video görüntüləri, jurnalist Rüfət Əhmədzadənin “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi ilə və Abşeron RİH-in baş memarı ilə telefon danışıqlarını Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişik. Hakim Fuad Talışinskinin məsələ ilə bağlı ədalətli qərar verəcəyinə ümid edirik”, – deyə İ.Abbasov vurğulayıb.

Qafqaznews.az İ.Abbasovun Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi etiraz ərizəsinin mətnini oxucuların diqqətinə çatdırır: “ İddiaçı tərəf “İlin Dörd Fəsli” MMC, Nərimanov rayon Məhkəməsinin 2(005)-7341/2016 saylı mülki iş üzrə 08.11.2016-cı il tarixli Qətnaməsindən vermiş olduğu Apellyasiya şikayətində iddiasının 15.07.2016-cı il tarıxdə “Legion İnformasiya Agentliyi” MMC-nin təsisçisi olduğu legion.az saytında dərc edilmiş “Yeni Bakı”da binaların çökməsi təsdiqləndi” başlıqlı yazıda “İlin Dörd Fəsli” MMC-nin işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmaması olmuşdur. Maddi ziyan kimi “İlin Dörd Fəsli” MMC-yə 193367 manat və işgüzar müdafiəsi üçün 50.000 manat, ümumilikdə 243.367 manat məbləğində pulun cavabdehlərdən tutularaq “İlin Dörd Fəsli” MMC-nin hesabına ödənilməsi, təkzib verilməsi və üzr istənilməsindən ibarət olduğunu təkrarən bildirmişdir.

Daha sonra iddiaçı Nərimanov rayon Məhkəməsini:

– Qətnamə çıxararkən, maddi və prosessual hüquq normalarının tələblərini pozmasını;

– Hakimin öz qanunsuz qətnaməsini əsaslandırmaq üçün “Legion İnformasiya Agentliyi” MMC-nin 25.07.2016-cı ildə qeydiyyatdan keçməsini, “Legion.az” domenini isə 28.07.2016-cı ildə əldə etməsini göstərməkdə yanlışlığa yol verdiyini vurğulamış, “Legion.az” saytını isə:

– 15.07.2016-cı il tarixdən sonra da, yəni 28.07.2016-cı il tarixdən sonra dəfələrlə şirkətin işgüzar nüfuzuna xələl gətirən material dərc etməkdə;

– “Legion.az” saytının 28.07.2016-cı il tarixədək kimin istifadəsində olmasına dair Məhkəməyə heç bir sübut təqdim etməməkdə günahlandıraraq Nərimanov rayon Məhkəməsinin 2(005)-7341/2016 saylı mülki iş üzrə 08.11.2016-cı iltarixli Qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsini bildirmişdir.

E T İ R A Z İ N  Ə S A S L A R I :

2(005)-7341/2016 saylı mülki iş üzrə Nərimanov rayon Məhkəməsinin 08.11.2016-cı il tarixli Qətnaməsinin qanuni olduğu üçün ləğv olunmamasını, iddiaçı tərəfin Apellyasiya şikayətini isə əsassız hesab edirik. Nərimanov rayon Məhkəməsi məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən etmişdir ki, iş üzrə cavabdeh olan “Legion İnformasiya Agentliyi” MMC 25.07.2016-cı il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, “Legion.az” domenini isə “İname” şirkətindən 28.07.2016-cı il tarixdə 40 manat məbləğində pula alınmışdır. İddiaçının tələbi isə məhz 15.07.2016-ci il tarixdə “Legion.az” saytında dərc edilmiş və müəllifi Rüfət Əhmədzadənin olduğu məqalədəndir. “Legion.az” domeninin “İname” şirkətindən əldə edilməsindən 12 gün əvvəl, “Legion İnformasiya Agentliyi” MMC-nin isə yaranmasından 10 gün əvvəl baş vermiş hadisəyə görə, iş üzrə cavabdeh olmasının və məsuliyyət daşimasının mümkün olmadığını nəzərə alan Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54, 54.1 və 54.2 maddələriin tələblərinə uyğun olaraq, iddiaya cavab verməli olmayan ilk cavabdehi əsl cavabdeh ilə əvəz etməyi iddiaçı tərəfə təklif etsə də, o razılaşmayaraq öz ilkin tələbini müdafiə etmişdir. İddiaçı tərəf Apellyasiya şikayətində 28.07.2016-cı il tarixdən sonra dəfələrlə şirkətin işgüzar nüfuzuna xələl gətirən material dərc etməkdə “Legion.az” saytını günahlandıraraq iddianın təmin edilməsini tələb etməsi isə qanuna ziddir, çünki, iddiaçı tərəfin Nərimanov rayon Məhkəməsinə müraciət etmiş olduğu 15.08.2016-cı il tarixli “İddia ərizəsi”ndə iddia tələbi məhz 15.07.2016-cıi il tarixdə “Legion.az” saytında dərc edilmiş məqalədəndir.

28.07.2016-cı il tarixdən sonra dərc olunan materıala dair Məhkəmənin icraatında bu barədə heç bir iş olmadığından qərar qəbul edə bilməzdi. Ona görə də, iddia ərizəsində göstərilməyən iddialar barəsində Qətnamə qəbul etməməkdə Nərimanov rayon Məhkəməsindən iddiaçı tərəfin Apellyasiya Məhkəməsinə “şikayətlənməsi” isə ümumiyyətlə aydın deyildir. Bundan başqa, iddiaçı tərəfin Apellyasiya şikayətində, “Legion.az” saytının 28.07.2016-cı il tarixədək kimin istifadəsində olmasına dair cavabdehin Nərimanov rayon Məhkəməsinə heç bir sübut təqdim etməməkdə günahlandıraraq iddiasının təmin edilməsini tələb etmişdir. “Legion İnformasiya Agentliyi” MMC-nin 28.07.2016-cı il tarixdə “İname” şirkətindən 40 manat məbləğində pula alınmış olduğu “Legion.az” domeninin həmin günə qədər kimin istifadəsində olmasını iddiaçı tərəf olan “İlin Dörd Fəsli” MMC-yə sübut etməyə borclu deyildir.

15.07.2016-cı il tarıxdə “Legion.az” saytında dərc edilmiş “Yeni Bakı”da binaların çökməsi təsdiqləndi” başlıqlı yazıda “İlin Dörd Fəsli” MMC-nin işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmaması iddiasına dair Nərimanov rayon Məhkəməsinin “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunun 62-ci maddəsinin 4-cü bəndinə əsaslanaraq məqalənin müəllifini məsuliyyətdən azad etməsi ilə razılaşmayan iddiaçı tərəf, Abşeron rayonunun baş memarı Akif Əliyevin onların şirkətinə təqdim etdiyi məktubda binaların çökməsi ilə bağlı heç bir ifadə işlətmədiyini bildirmişdir və həmin məktub Məhkəməyə təqdim olunsa da, hakimin məktuba qiymət vermədiyini, yazı müəllifinin isə jurnalist etikasını pozaraq heç bir araşdırma aparmadan, məhkəməyə məlum olmayan şəxslərə istinad edərək “İlin Dörd Fəsli” MMC barədə həqiqətə uyğun olmayan, işgüzar nüfuzu ləkələyən məlumatları dərc etdiyini göstərərək iddianın təmin edilməsini bildirmişdir.

Cavabdeh tərəfindən Məhkəməyə təqdim olunmuş bir çox sakinlərin ölkə rəhbərliyinə, müxtəlif nazirliklərə, mətbuata və sairə ünvanlara şikayətlərinin və müraciətlərinin surətlərini, “Legion.az” saytında 11.07.2016-cı il tarixdə dərc olunmuş “Yeni Bakı”da binalar çat verir?” başlıqlı məqaləni və ona əlavə edilmiş bir neçə foto-video yazıları, “İlin Dərd Fəsli” MMC-nin rəsmi saytında qeyd olunan mobil nömrələrdən birinə cavab verən və özünü satış meneceri kimi təqdim edən Zamiq adlı şirkət əməkdaşıyla 11.07.2016 tarixli telefon söhbətinin səs yazısını, o cümlədən Abşeron rayonunun baş memarı Akif Əliyevin jurnalistə vermiş olduğu müsahibənin audioyazısı, məqalə dərc olunduqdan 1 gün sonra binanın çatlarının suvayıb-malalayan ustanın yeni videolentini və mülki işin digər materiallarını Məhkəmə baxışında tədqiq etmiş Nərimanov rayon Məhkəməsinin Hakimi tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb, toplanmış və Məhkəmə iclasında araşdırılmış sübutlaraməcmu halında düzgün qiymət verərək “İlin Dörd Fəsli” MMC-nin iddiasını rədd etməsini qanuni hesab edirik.

Eyni zamanda, sözügedən foto, video və audio yazıları bir diskdə Məhkəməyə təqdim edir və bu materialların yenidən tədqiq edilməsinə zərurət yaranarsa, müvafiq ekspertizanın keçirlməsinə etiraz etmirik.

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367, 384.0.1, 385.2 maddələrinə əsasən, Baki şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-7341/2016 saylı mülki iş üzrə 08.11.2016-cı il tarixli Qətnaməsinin ləğv edilməsi barədə iddiaçı tərəf “İlin Dörd Fəsli” MMC-nin Apellyasiya şikayətinin təmin edilməməsini və adıgedən Qətnamənin qüvvədə qalmasını Apellyasiya Məhkəməsindən xahiş edirik.

 Cavabdeh “Legion İnformasiya Agentliyi” MMC-nin Baş direktoru Məmmədov Araz Kərəm oğlu Cavabdeh Əhmədzadə Rüfət Seyidəhməd oğlu”.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR