“İlin Dörd Fəsli” MMC-nin rəhbərliyi jurnalisti təhdid edir? – Nazirə şikayət

ramil_usumbovRüfət Əhmədzadə yenidən Ramil Usubova müraciət etdi

“Məhkəmədə istədiyinə çatmayan “İlin Dörd Fəsli” MMC rəhbərliyi və şirkəti hüquqşunas kimi təmsil edən Mehman Muradlı məni hədə-qorxu yolu ilə susdurmağa çalışırlar”

Noyabrın 7-də Qafqaznews.az-da oxuculara xəbər vermişdik ki, “İlin Dörd Fəsli” MMC tərəfindən “Legion İnformasiya Agentliyi” MMC ilə yanaşı məhkəməyə verilən jurnalist Rüfət Əhmədzadə hüquqşünas, “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlı tərəfindən təhqir və təzyiqlərə məruz qalıb. Bu barədə DİN başçısı Ramil Usubova “mia.gov.az” vasitəsilə müraciət edən Rüfət Seyidəhməd oğlu Əhmədzadənin şikayəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yönəldilmişdi. Lakin noyabrın 10-da Rüfət Əhmədzadə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, DİN Baş MCMİ-nin əməliyyat müvəkkili Ramil Səlimovla söhbətindən sonra, onda işin ciddi araşdırılacağına dair şübhələr yaranıb və bu məqsədlə də, DİN başçısı Ramil Usubova yenidən müraciət etməyi qərara alıb.

Jurnalist vurğulayıb ki, noyabrın 8-də “İlin Dörd Fəsli” MMC-nin “Yeni Bakı” şəhərciyi haqqında yazılan araşdırma yazılarına görə 243 min 367 manatlıq təzminat iddiası Nərimanov RM-in hakimi Fuad Abdıyev tərəfindən rədd olunsa da, hüquqşünası vasitəsilə mətbuata təzyiq göstərən şirkət rəhbərliyinin gələcəkdə törədə biləcəyi təhdidlərdən narahatdır. Rüfət Əhmədzadənin daxili işlər naziri, polis general-polkovniki Ramil Usubova ikinci müraciətinin mətnini oxuculara təqdim edirik:

Cənab Nazir! Siz daim öz çıxışlarınızda vurğulamısınız ki, müstəqil mətbuat nümayəndələrinə qarşı təzyiq və təhdidlər yolverilməzdir. İnanıram ki, Siz də mənimlə razılaşarsınız: Mətbuatın təhlükəsizliyi ictimai asayişin nüvə elementlərindəndir və jurnalisti davamlı təhdid və təzyiqlərə məruz qalan bir cəmiyyətin gələcəyi də təhlükədədir. Mən Rüfət Seyidəhməd oğlu Əhmədzadə 10 ildir mətbuat sahəsində çalışıram və hazırda bir neçə media qurumu ilə əməkdaşlıq edirəm. Mətbuatda çalışdığım bu illər ərzində daim dövlətçiliyə və qanunlara sayğıyla yanaşmış, şəxsi mənfəətimi peşə şərəfindən üstün tutmamışam. Hətta deyərdim ki, çox zaman əksinə olub – hər hansı araşdırma yazısını tamamlamaq naminə yuxusuz gecələr keçirmiş, öz şəxsi vəsaitimlə müxtəlif bölgələrə səfərlər edib reportajlar hazırlamışam.

2014-cü ildə xarici siyasət müxbiri olaraq İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in XİN başçılarının toplantısında iştirak etmişəm, eləcə də keçən ilin mayında Polşanın Adam Mitskeviç İnstitutunun xüsusi dəvəti ilə beş gün ərzində Varşavada reportaj hazırlamışam. Hazırda daha çox sosial mövzularda yazıram və müxtəlif vətəndaşların problemlərini işıqlandırır, ictimaiyyətin və ölkə rəhbərliyinin diqqətinə çatdırmağa çalışıram. Qeyd edim ki, jurnalistika fəaliyyətim ərzində yazılarıma ən həssas yanaşan və işıqlandırdığım problemlərin həllində mühüm rol oynayan qurumlardan biri də, rəhbərlik etdiyiniz struktur – Daxili İşlər Nazirliyi olmuşdur.

Bu dəfə isə şəxsən özümlə bağlı olan problemi qabartmaq və həyatımın, eləcə də peşəkar jurnalist karyeramın təhdidlər altında olduğunu Sizin diqqətinizə çatdırmaq istəyirəm. Oktyabrın 26-da mən “Mia.gov.az” saytı vasitəsilə Sizin adınıza müraciət ünvanlamışdım. Mənim müraciətim hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Ramil Səlimovun icraatındadır. Noyabrın 9-da Ramil Səlimovun dəvəti əsasında sözügedən Baş İdarəyə gedərək, orda izahat da yazmışam. Lakin adıkeçən əməliyyat müvəkkiliylə görüşümdən ümidsiz bir təəssüratla ayrıldığım üçün, Sizə yenidən müraciət etməyi qərara aldım. Əlbəttə ki, məqsədim Ramil Səlimovdan şikayət etmək deyil, sadəcə mən məsələnin mahiyyətini izah etdikdə onun mənə verdiyi cavab və dilə gətirdiyi bəzi sözlər beynimdə suallar yaratdı. İnanıram ki, bu müraciətim Sizə çatdığı zaman, məruz qaldığım təhdid və təzyiqlərin ciddiliyi ilə bağlı mənimlə razılaşacaq, gərəkli tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar verəcəksiniz.

Hörmətli DİN başçısı! Bir neçə ay əvvəl bir qrup “Yeni Bakı” sakininlərin xahişi ilə, “Facebook” vasitəsilə tanıdığım hüquqşünas Mehman Telman oğlu Muradlını onlarla əlaqələndirdim. Qeyd edim ki, Masazırda yerləşən “Yeni Bakı” şəhərciyinin problemləri ilə bağlı yazılarıma bir qrup sakinin əməkdaşlıq etdiyim Qafqaz Xəbər Agentliyinə müraciət etməsindən sonra başlamışam. Yəni, mən özüm Masazırda yaşamağıma baxmayaraq, apardığım araşdırmalarda şəxsi bir motiv olmayıb, şikayətçi sakinləri də məhz sözügedən yazılı müraciətdən sonra – bu ilin aprel ayında tanımışam. Lakin maraqlıdır ki, mən müxtəlif məqamlarla bağlı “Yeni Bakı” komendantlığına və “İlin Dörd Fəsli” MMC-yə zəng etdiyimdə onlar davamlı olaraq məni qərəzli münasibətdə, tərəfkeşlikdə ittiham etdilər. Halbuki, “Yeni Bakı” ilə bağlı yazılarda mənim şəxsi mövqe ortaya qoymadan qərəzsiz araşdırma aparmağım Nərimanov Rayon Məhkəməsinin hakimi Fuad Abdıyev tərəfindən də 2016-cı ilin noyabrın 8-də təsdiq olunub.

Yazılarımın mətbuatda dərc olunduğu vaxtda, Mehman Muradlıdan da açıqlama alırdım və qiyabi şəkildə normal münasibətlərimiz var idi. Problemimi izah edərkən, bildirməliyəm ki, bu ilin avqust ayında “Yeni Bakı” sakinlərinin yaratdığı “Abşeron-1” Müştərək Mənzil Mülkiyyətçiləri Cəmiyyəti təzyiqlərə məruz qaldığı və fəaliyətinin “İlin Dörd Fəsli” MMC tərəfindən məhdudlaşdırıldığını əsas gətirərək, sözügedən şirkətə qarşı məhkəmə iddiası qaldırmaq fikrinə düşdülər. Həmin vaxt “İlin Dörd Fəsli” MMC mənə qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşırdı və hətta bu barədə mənə dolayısı yollarla xəbərdarlıq etmişdilər.

Mehman Muradlı bu istiqamətdə sakinlərə vicdanla yardımçı olacağını, lakin müəyyən məbləğ müqabilində hüquqi xidmət göstəcəyini bildirdi. Razılığa görə, M.Muradlı əvvəlcədən 500 manat alacaq, sonrakı 3 ay ərzində isə sakinlər ona daha 500 manat pul verəcəkdilər. Mən sonrakı danışıqlara qatılmadım, çünki hüquqi xidmət üçün kömək istəyən vətəndaşların xahişini yerinə yetirmişdim. Həmin razılaşmada iştirak edən və sonra Mehman Muradlı tərəfindən aldadılan vətəndaşlar Ziyad Əmrahov, Əmralı Əliyev və Səməd Səmədov da müvafiq izahat verməyə, sözlərimi təsdiqləməyə hazır olduqlarını bildiriblər. İşin araşdırılması zamanı onların da ifadəsinin alınması faydalı ola bilər. Avqust ayında M.Muradlı “Abşeron-1”MMMC-nin adından Yasamal Rayon Məhkəməsində “İlin Dörd Fəsli” MMC-yə qarşı iddia ərizəsi qaldırdı.

O, sakinlərdən hüquqi xidmət üçün 500 manat alsa da, sonradan hansısa qərardad üçün Yasamal RM-in hakimi Ayaz Məmmədova 500 manat rüşvət verməsi iddiası ilə sakinlərdən artıq pul tələb etdi və mübahisə yarandı. Sakinlər mənə iradlarını bildirdikdə, Mehman Muradlı ilə danışdım və günahsız olduğumu sübut etməyə çalışdım. Ondan sakinlərin pulunu qaytarmağı xahiş etdim, o isə bildirdi ki, Yasamal RM-in hakimi Ayaz Məmmədova 500 manat rüşvət verib, sakinlərə verəcək pulu yoxdur. Yalnız mənim davamlı zənglərimdən sonra, Mehman Muradlı düz bir ay yubatmaqla ancaq 300 manatı sakinlərə geri qaytardı. O, bu pulu qaytarərkən sözügedən sakinləri təhqir etdi.

Söhbətlərimiz zamanı Mehman Muradlı sakinlərə “dərs verəcəyini” də demişdi, lakin düşünməzdim ki, o, həm də mənə qarşı qurulan bir oyunun iştirakçısı ola bilər. Hazırda Mehman Muradlı bu sakinlərə qarşı “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi kimi çıxış edir. Sözügedən şirkət məni və “Legion İnformasiya Agentliyi” MMC-ni də məhkəməyə verib və noyabrın 8-də Nərimanov Rayon Məhkəməsinin hakimi Fuad Abdıyev mənə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı qaldırılan 243 min 367 manatlıq təzminat iddiasını rədd edib. Bu məhkəmə prosesində Mehman Muradlı “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi kimi çıxış edib. M.Muradlı mənim “İlin Dörd Fəsli” MMC qarşısında geri çəkilmədiyimi görərək, oktyabrın 25-də mənə “Facebook” sosial şəbəkəsində təhqir və təhdid dolu mesajlar yazdı. O, küçə dilində məni harda görsə cəzalandıracağını bildirdi. Həmçinin, məhkəmədə də məni cəzalandıracağını nalayiq ifadələrlə və təhdidlə dilə gətirdi.

Bu söhbətin “printscreen” versiyasını əməliyyat müvəkilli Ramil Səlimova təqdim etmişəm. Qeyd edim ki, əvvəllər də millət vəkili Fazil Mustafaya qarşı söyüşləri, Axar.az-ın əməkdaşı Sona Yaqubovaya hücum edərək onu təpikləməsi kimi qeyri-adekvat hərəkətləri ilə yadda qalan Mehman Muradlının dələduzluq üstündə məhkumluq yaşadığını da eşitmişəm. Bu və digər məlumatları hüquq mühafizə orqanları daha yaxşı təsdiqləyə bilər. Lakin məsələ ondadır ki, mən ancaq Mehman Muradlıdan şikayətçi deyiləm, şəxsimə qarşı səsləndirilən təhqir və təhdidlərin arxasında “İlin Dörd Fəsli” MMC rəhbərliyinin durduğuna əminəm. Çünki bu altı ay ərzində mənə müxtəlif vasitələrlə psixoloji təzyiqlər göstərən, məhkəmələrlə qorxuzan, sonda da məhkəmədə məğlub olan bu şirkətin rəhbərliyi bu dəfə Mehman Muradlıdan istifadə etməyə çalışır. Bir sözlə, Mehman Muradlının təhdidlərinin “İlin Dörd Fəsli” MMC rəhbərliyi tərəfindən sifariş olduğunu düşünürəm və bunun üçün yetərincə dəlil var. Bir daha vurğulayıram ki, sonuncu məhkəmə iclasında “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi kimi Mehman Muradlı iştirak etmişdi. DİN-də yazdığım izahatda da bildirmişəm ki, sabah-birigün başıma bir iş gəlsə, ilk şübhəli şəxslər olaraq Mehman Muradlı və “İlin Dörd Fəsli” MMC-nin rəhbərliyini görürəm. Çünki mənim mülki məhkəmə səviyyəsində geri çəkilmədiyimi görən qarşı tərəf artıq kriminal elementlərə əl atır. Bu gün məni söyüşlərlə təhqir və təhdid edənlər sabah öz pullarından istifadə edərək, mənim həyatım üçün daha ciddi təhlükə yarada, sağlamlığıma ölümcül zərər vura bilərlər. Mən bu və digər nüanslar barədə noyabrın 9-da DİN Baş MCMİ-nin əməliyyat müvəkkili Ramil Səlimova bildirsəm də, o, öz səlahiyyətlərinin məhdud olduğunu və “İlin Dörd Fəsli” MMC rəhbərliyi və Mehman Muradlı ilə bağlı ciddi tədbirlər görə bilməyəcəyini bildirdi.

Mən “Yeni Bakı” sakinləri Z.Əmrahov, S.Səmədov və Ə.Əliyevin də Mehman Muradlının əməlləri və “İlin Dörd Fəsli” MMC rəhbərliyinin təzyiqləri haqqında ifadə vermək istədiyini bildirdikdə isə Ramil Səlimov dedi ki, onlar yenidən “mia.gov.az” saytına şikayət yazmalıdırlar.

“Rəhbərlik bu işdə cinayət motivi görsəydi, işi mənə yox, istintaq şöbəsinə yönəldərdi. Mehman Muradlını da çağıraram, görüm, o səni kimə görə təhdid etdiyini deyəcək”, – deyə R.Səlimov mənə bildirdi. Halbuki, ona təqdim etdiyim “printscreen”də Mehman Muradlı Oktyabr ayının 25-də baş tutan yazışmada açıq-aşkar mənim məhkəmə işimdən danışırdı. Mənim isə “İlin Dörd Fəsli” MMC tərəfindən Nərimanov RM-də qaldırılan və noyabrın 8-də rədd olunan məhkəmə iddiasından başqa heç bir məhkəmə işim yoxdur. Ümumiyyətlə, mən indiyədək də nə məhkumluq yaşamışam, nə də hər hansı əməlimə görə mülki prosesdə məhkəmə qarşısına çıxmışam. Açıq-aydın görünür ki, məhkəmədə istədiyinə çatmayan “İlin Dörd Fəsli” MMC rəhbərliyi və şirkəti hüquqşunas kimi təmsil edən Mehman Muradlı məni hədə-qorxu yolu ilə susdurmağa çalışırlar. Bununla da, onlar bir növ başqa jurnalistlərə də “dərs verməyə” çalışırlar. Ramil Səlimovun isə mənə “imkanlarım məhduddur” deməsi bu işin ətraflı araşdırılacağına inamımı sarsıtdı.

Sabah mənim başıma bir iş gələrsə, görəsən, “imkanları məhdud olan” əməliyyat müvəkkili məsuliyyətə cəlb olunacaqmı? Ən əsası, öldürülən və ya ağır travma alan insanın itirdiklərini kim və necə qaytara bilər? Mən hələ cinayətkarın həbs olunması ilə ölənlərin dirildiyini eşitməmişəm. Lakin Siz də razılaşarsınız ki, vaxtında görülən tədbirlərlə, bir deyil, çox sayda cinayətin qarşısını almaq mümkündür.

Cənab Nazir! Sizdən xahiş edirəm ki, Mehman Muradlının sifarişli təhdidləri, “İlin Dörd Fəsli” MMC rəhbərliyinin mənə və mətbuata şikayət edən vətəndaşlara qarşı göstərdiyi psixoloji təzyiqləri daha geniş çərçivədə araşdırmaq məqsədilə müvafiq tapşırıqlar verəsiniz və mənim müraciətimi daha çox səlahiyyətlərə malik olan şəxslərə yönəldəsiniz. Ümid edirəm ki, Sizə təkrar müraciətim öz müsbət nəticəsini verəcək. Öncədən sizə öz minnətdarlığımı bildirirəm.

Hörmətlə, Rüfət Seyidəhməd oğlu Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR